IQNA

Dürüstlük unudulmuş bir dəyərdir (2)

16:55 - January 20, 2023
Xəbər sayı: 3493563
Dürüstlüyün dördüncü növü insanlarla dürüst olmaqdır. İslam maarifinə əsasən, sözümüzdə və əməlimizdə yalan olmamalıdır. Həmçinin İslam cəmiyyəti dürüstlüyün, səmimiyyətin və ixlasın hökm sürdüyü cəmiyyət olmalıdır. Belə olmadığı surətdə həm insan cəmiyyətdə öz etibarını itirər, həm də cəmiyyət məhvə düçar olar.

Dürüstlük unudulmuş bir dəyərdir (2)Keçən bəhsimiz səfa-səmimiyyət və dürüstlük haqqında idi. Qeyd etdik ki, bu, unudulmuş bir dəyərdir.

Həmçinin səfa-səmimiyyət və dürüstlüyün müxtəlif növlərinin olduğuna toxunduq. Onların üçü barədə bəhs etdik:

Birinci növ: Allah qarşısında səfa-səmimiyyət və dürüstlüyümüz olmalıdır.

İkinci növ: Həzrət Peyğəmbər (s) və pak İmamlarla (ə) dürüst olmaqdır.

Üçüncü növ: Evdə dürüstlükdür.

Bu bəhsimizdə səfa-səmimiyyət və dürüstlüyün digər növünə də işarə edirik:

Dördüncü növ: İnsanlarla dürüst olmalıyıq. Bir çox rəvayətlərdə vurğulanan "Siqul-hədis və ədaul-əmanə" ifadəsi bu mövzu barəsindədir ki, insanlarla dürüst olmalıyıq. Bir-birimizi tanıyırıqsa, dost olmalıyıq; Ona görə də sözümüzdə, əməlimizdə yalan olmamalıdır.

Qurani-Kərimdə Uca Allah buyurur: "Allah buyurdu: Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)!” (Maidə, 119).

Qurani-Kərimin bəzi ayələrində yalan şiddətlə pislənir. Həmin ayələrə görə, yalançı mömin deyil, həqiqi müsəlman deyildir: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!" (Nəhl, 105). Həmçinin buyurur: "      Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin" (Həcc, 30). İki şey etmə, biri bütpərəstlik, digəri isə yalan. Yalan danışmaq günahı o qədər böyükdür ki, Quran onu bütpərəstliklə yanaşı qoyub və hər ikisini qadağan edib; Yəni müşrik müsəlman olmadığı kimi, yalançı da həqiqi müsəlman deyildir.

Həzrət Peyğəmbər (s) buyurur: "Kim yalan danışarsa, mələklər ona lənət oxuyar və onun qəlbindən Allahın ərşini bürüyən, mələkləri əzab və sıxıntıya salan pis bir qoxu yayılar. Ərşi daşıyanlar ona lənət göndərər".

Əgər yalan günahı üçün bu rəvayətdən başqa bir şeyimiz olmasaydı, hər kəsin öz dilinə diqqətli olmasına kifayət edərdi. Hər kəs öz işində, peşəsində diqqətli olmalıdır ki, sözü, davranışı düzlükdən kənara çıxmasın. Məsələn, bir alış-verişdə aldatmaq böyük günah və dürüstlükdən uzaq bir davranışdır. Sevimli Peyğəmbər (s) bir alış-verişdə aldadan şəxsi qeyri-müsəlman hesab etmişdir. O həzrət satdığı meyvələrin üstü ilə altının eyni olmayan meyvə satıcısına buyurdu: "Sənin işin alverdə xəyanətlə aldatmaq arasında bir yerdədir". Gizlətmək, baha satmaq və bu kimi günahlar da insanlara qarşı düz olmağa ziddir və cəmiyyət bundan təmizlənməlidir.

İnsanlarla dürüst olmalı və dost olmalıyıq. Başqalarının bizi aldatmasını istəmədiyimiz kimi, biz də başqalarını aldatmamalıyıq. Kiminsə bizə yalan danışmasını istəmədiyimiz kimi, biz də kiməsə yalan danışmamalıyıq. Sözümüzlə əməlimiz fərqli olmamalıdır.

İnsanlarla davranışımızda səmimi olmalıyıq. Əgər hazırlığımız yoxdursa, kimisə yalandan evimizə qonaq çağırmamalıyıq.

Təəssüf ki, dürüstlük unudulmuş bir dəyərdir. Yalanlar işdə, insanlar arasında və əksər ictimai hallarda çox olur. Hər kəs bir-biri ilə ünsiyyətdə dürüst olmalı və ikiüzlülükdən çəkinməlidir. Münafiqlik ən böyük günahlardandır.

Əgər kimsə oruc tutub yalan danışarsa, orucunun həqiqəti aradan gedər və o, həqiqi oruc tutduğunu deyə bilməz. O, danışığında və davranışında heç bir riya olmadığını deyə bildikdə həqiqi müsəlman olduğunu, oruc tutduğumu və yalan danışmadığını deyə bilər.

ikiüzlülük insanı istər-istəməz gözdən salan çirkin bir davranışdır. Çünki düzlük və həqiqət insanların sevgisini cəlb edən, dostluğu artıran amillərdir. İkiüzlülər, hiyləgərlər və yalançılar öz şəxsiyyətlərinə zərər vururlar. Çünki ictimai şəxsiyyət təqva işığında əldə edilir, yalan danışmaq və özünü göstərmək də təqvasızlığın nümunəsidir.

Həqiqi araşdırma aparılsa, məlum olar ki, bir sıra insanlar Allaha yalan deyirlər, Peyğəmbəri-Əkrəmə (s) yalan danışırlar, evlərdə çoxlu yalanlar var. Xalqla, işdə, idarədə çoxlu yalanlar var. Bu da cəmiyyətin islami olmadığını göstərir. Çünki İslam cəmiyyəti dürüstlüyün, səmimiyyətin və ixlasın hökm sürdüyü cəmiyyətdir.

Dürüstlük çətin, lakin zəruridir. Təəssüf ki, cəmiyyətimiz yalanlar və riyaya üz tutur və nəhayət, cəmiyyətdə dürüstlük azalıb. Cəmiyyətdə dürüstlük, səmimiyyət, həqiqət azalıb. Onların yerini yalan, ikiüzlülük, hiylə tutduqda cəmiyyət bəlaya düçar olacaq və məhvə məhkum olacaq. İmam Səccadın (ə) rəvayətində yalan insanın və cəmiyyətin sürətlə məhvinə səbəb olacaq günahlardan hesab edilir.

captcha