IQNA

Quran surələri / 51

"Zariyat" surəsində insanın yaradılış məqsədi bəyan olunub

20:11 - December 26, 2022
Xəbər sayı: 3493473
Bütün məxluqatı Allah yaratmışdır və onların hər birinin yaradılış aləmində yeri və məqsədləri vardır. Qurani-Kərimdə deyilənlərə əsasən, insan öz məqsədlərinə çatmaq üçün Allaha ibadət etməyə çalışır.

Qurani-Kərimin əlli birinci surəsi “Zariyat” adlanır. 60 ayədən ibarət bu surə 26 və 27-ci cüzlərdə yerləşdirilib. "Zariyat", Məkkə surələrindən biridir və İslam Peyğəmbərinə (s) nazil olan 67-ci surədir.

Bu surənin birinci ayəsində “Zariyat” sözü gəldiyinə görə belə adlandırılıb. "Zariyat" “Zariyə” kəlməsinin cəmidir. Əşyaları havaya səpələyən külək mənasındadır. Bu söz yalnız bu surədə qeyd edilmişdir.

“Zariyat” surəsinin əsas mövzusu qiyamətdir. Bu surədə tövhid və Allahın yaradılışdakı nişanələri, İbrahimin (ə) evində mələklərin qonaq gəlməsi və Lutun (ə) qövmünə əzab vermək missiyaları, Həzrət Musanın (ə) hekayəti və qövmünün tarixindən bəhs edilir. Bu surədə Ad, Səmud qövmü və Nuh (ə) qövmündən bəhs edilir.

“Zariyat” surəsi Allahın qiyamət vədinin doğruluğuna dair dörd and ilə başlayır. Burada “Zariyat” ((toz-torpağı) sovurub dağıdan küləklərə), “Hamilat” (         yağış yüklü buludlara), “Cariyat” (asanlıqla üzüb gedən gəmilərə) və “Muqəssimat” (ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and içilir. Sonda, Allahın vəd etdiyinin yerinə yetəcəyi vurğulanır.

Aşağıdakı ayələr qiyaməti inkar edənlərin süst düşüncələrini tənqid edir və onlara əzab vəd edir. Sonra yaxşılıq edən, gecələri ibadət edən və bağışlayan təqvalıların xüsusiyyətlərini vəsf edir.

Bu surədə Allahın yerdə və insanın varlığında olan nişanələrindən də bəhs edilir. Həmçinin səmanı insanın ruzi mənbəyi kimi təqdim edir.

Bu surənin davamında bəzi peyğəmbərlərin hekayətlərini qeyd etmişdir. O cümlədən mələklərin İbrahimi (ə) ziyarət etməsi və ona övlad müjdəsi vermələrini qeyd etmək olar.

Həmçinin Həzrət Musanın (ə), Lutun (ə), Ad, Səmud qövmünün və Nuhun (ə) qövmünün hekayətləri və Allahın bu insanlara verdiyi əzabdan bəhs edir.

Surənin son hissəsində bir daha Allahın dünyadakı qüdrətinin əlamətlərindən, insanların Allaha xüsusi qayıdışından və hər hansı şirkdən imtina etməkdən bəhs etmişdir.

İslam Peyğəmbərini (s) inkar edənlərin reaksiyasının keçmişdəki insanların davranışları ilə oxşarlığını nəzərə alaraq, Onları qınayır. Həmçinin qiyamət günü ilə bağlı onlara xəbərdarlıq edir.

Bu surədə qeyd olunan mühüm məqamlardan biri də cin və insanların bir-birinin yanında qərar tutması və onların Allah tərəfindən yaradılışındakı ortaq məqsəddir. “Zariyat” surəsinin 56-cı ayəsində bu barədə buyurulur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım”.

“Əl-Mizan” təfsirinə görə, bu ayəyə əsasən yaradılışdan məqsəd yalnız Allaha ibadətdir. İnsanın yaradılışının əsas məqsədi ibadətdir ki, bu da Allahın əfv və rəhmətini özünə cəlb edir.

Oxşar xəbərlər
captcha